Bakı Apellyasiya Məhkəməsində şəhər sakini Kamal Kərimovun (1990-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il noyabrın 2-də Xətai RPİ-nin əməkdaşları tərəfindən Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yaşayan Reyhan Qaçayevanın (1969-cu il təv.) üzərində zorakılıq əlamətləri ilə meyiti öz mənzilində aşkar edilib. Qadının həmin gün işə gəlməməsi və telefon zənglərinə cavab verməməsi iş yoldaşları arasında narahatçılığa səbəb olub, onların təşəbbüsü ilə polisə məlumat verildikdən sonra qadının öldürüldüyü məlum olub. Hadisə yerinin müayinəsi zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə, götürülüb.
Rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı ş. prokurorluğuna verilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qətlin mərhumun iş yoldaşı Kamal Kərimov tərəfindən törədilməsi müəyyən olunub. Bakı ş. Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kamal Kərimov noyabrın 19-da yaşadığı Xəzər rayonunun Buzovna qəsəbəsindəki evində saxlanılaraq istintaqa təhvil verilib.
İstintaqın gedişatında məlum olub ki, Kamal Kərimov Reyhan Qaçayevadan 3000 manat borc götürüb, lakin vəd verdiyi müddətdə pulu ailə vəziyyəti ilə bağlı qaytara bilməyib. Aralarında dəfələrlə borcun gec və hissə-hissə qaytarılması səbəbindən mübahisə yaranıb. Kərimov bildirib ki, həmin gün səhər saat 10:00 radələrində borcun bir hissəsini qaytarmaq məqsədilə Qaçayevanın evinə gəlib, lakin mənzildə olarkən Reyhan onu təhqir etməyə başlayıb və bu səbəbdən Kamal əlinə keçən mətbəx bıçağı ilə qadına çoxsaylı zərbələr vurub, sonra isə qapını çöl tərəfdən örtərək hadisə yerindən qaçıb. Qeyd edək ki, mərhum və qətli törədən şəxs Zabrat aeroportunda nəzarətçi işləyiblər.
Məhkəmə prosesində Kamal Kərimov ittiham üzrə özünü təqsirli hesab edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən apellyasiya şikayətləri verilsə də Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az