Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini İlqar Həsənov, Təhməz Əliyev və Nihad Əliyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5 (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 8-də Xəzər rayonunun Buzovna-Maştağa yolunda bıçaqdan silah qismində istifadə etməkə təqsirləndirilən şəxslər üç Koreya vətəndaşlarını hədələməklə, onların üzərlərində olan 4 ədəd mobil telefon və 1500 manat pulu qarət ediblər. Elə həmin gün zərərçəkənlər Xəzər RPİ 2-ci polis bölməsinə şikayət ediblər və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılaraq, istintaqa təhvil veriliblər. Faktla əlaqədar RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, həmin gün rayon ərazisində İlqar Həsənov taksi kimi fərdi qaydada fəaliyyət göstərdiyi “VAZ” markalı avtomaşını idarə edərkən Koreya vətəndaşları əl ilə işarə edərək avtomobili saxladıblar və müştəri olaraq onları şəhərin mərkəzinə aparmasını xahiş ediblər. İlqar Həsənov razılaşıb.
Qeyd edək ki, həmin vaxt avtomaşında, qabaq oturacaqda İlqarın qohumu Təhməz Əliyev, arxada isə Nihad Əliyev oturub. Əcnəbilər avtomobilə əyləşəndən sonra, onlar öz aralarında koreyalıları qarət etməyi qərarlaşdırıblar və bu məqsədlə Həsənov avtomobili Buzovna-Maştağa yolunun kənarında saxlayıb. Maşının saxlanc yerindən bıçaq çıxaran İlqar və Təhməz zərərçəkənləri hədələyərək, onlardan pulları və qiymətli əşyalarını vermələrini tələb ediblər. Nəticədə qorxan əcnəbilərdən telefon və pul alan şəxslər, onları düşürərək hadisə yerindən uzaqlaşıblar.
Məhkəmə prosesində İlqar Həsənov və Təhməz Əliyev özlərini qismən təqsirli biliblər, Nihad Əliyev isə ittiham üzrə özünü təqsirli hesab etməyib.
Məhkəmənin hökmü ilə İlqar Həsənov 11, Təhməz Əliyev 10 və Nihad Əliyev 8 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar.
C.H.
www.oxu.az