PwC’s “After Six Club”u biznesmen xanımlarla növbəti görüşünü keçirib.
Biznes sektorunun 40-dan çox xanım nümayəndəsi ilə keçən tədbir “Port Baku”-da yerləşən “Emporium Cafe”-də baş tutub. Gecənin fəxri qonağı, Azərbaycan Milli Məclisinin üçüncü və dördüncü çağırışının deputatı, Heydər Əliyev Fondunun ictimaiyyətlə iş şöbəsinin rəhbəri, “Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu” İctimai Birliyinin sədri və yazıçı Qənirə Paşayeva olub.
Q.Paşayeva qadınlara müraciətində onların Azərbaycanda biznesdə nailiyyətlərini, bir sıra layihələrin həyata keçirilməsini, ölkəmizdə qadınların öz potensialını üzə çıxarmaq üçün yaradılan şəraiti xüsusi qeyd edib.
Xatırladaq ki, tədbir PwC Azərbaycan tərəfindən ötən ilin sentyabrında yaradılmış “After Six” klubunun fəaliyyəti çərçivəsində keçirilib. “After Six” klubu uğurlu iş adamları və PwC Azərbaycanın partnyor ve dostları üçün yaradılmış interaktiv bir platformadır. Klubun əsas məqsədi “İnteraktiv kafe” formatında müzakirə üçün görüşlərin təşkilidir. Bu görüşlər çərçivəsində müxtəlif səpkili mövzular ətrafında diskussiyalar da aparılır. Hər bir tədbirin mövzusu PwC qlobal araşdırmalarının nəticələrinə əsaslanır.
Qeyd edək ki, “PricewaterhouseCoopers” təşkilat və fiziki şəxslər üçün lazımi dəyərlərin formalaşdırılmasına yardım edir.
PwC dünyanın 157 ölkəsinin 184,000 nəfərdən çox kollektivi olan şirkətlər şəbəkəsidir. Onlar audit, vergiqoyma və konsaltinq sahəsində yüksək keyfiyyətli xidmət göstərmək üçün məqsədyönlü və dayanmadan çalışırlar.
Aliyə İsmayılzadə
www.oxu.az