Cəlilabadda məktəblinin qətlı yetirilməsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M.-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaq gedir.
Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xəlilabad kənd orta məktəbinin sinif otağında baş verib. 11-ci sinif şagirdi K.İ. və onun sinif yoldaşı S.Ə. Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Kənddə orta məktəb olmadığından onlar 9-cu sinifdən Xəlilabad kənd orta məktəbində oxuyurlarmış. Hadisə isə söyüşə görə olub. Bir gün əvvəl S.Ə. və K.İ. mübahisə edib, bir-birini söyüblər. Sinif yoldaşlarının köməyi ilə onların mübahisəsinin davaya çevrilməsinin qarşısı alınıb.
Bu gün S.Ə. səhər tezdən dərsə gələrkən yaşadığı evdən mətbəx bıçağı götürüb və onu paltarında gizlədib. Birinci dərsdən sonra S.Ə. sinif yoldaşı K.İ.-ni məktəbin digər sinfinə çağırıb və mübahisə davam edib. Mübahisə nəticəsində S.Ə. yaşıdı K.İ.-ni qarın boşluğu və döş qəfəsindən bıçaqlayıb.
K.İ. yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bıçaqlanan gənc Cəlilabad Rayon Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Sentyabrın 16-da Cəlilabad rayonunun Xəlilabad kəndində yuxarı sinif şagirdləri arasında münaqişə baş verib.
Oxu.Az-ın məlumatına görə, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.
K.İ. xəstəxanaya çatdırılıb.
S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli