Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fərid Hüseynzadə ifadə verib.
O deyib ki, ötən ilin yanvar ayında Orxanla birlikdə NZS qəsəbəsində yerləşən ərzaq dükanına basqın etməyi planlaşdırıblar:
“Marketin sahibini tanıyırdıq, adı Zaur idi. Gecə saat 00:30-da dükana daxil olduq. Kassadan 800 manat pul və siqaretləri götürdük. Götürülən pulu Orxanla aramızda böldük”.
Sonra digər təqsirləndirilən Əlisəid Həsənov ifadə verib. O deyib ki, mart ayında Gəncə prospektində yerləşən siqaret köşkünə basqın ediblər:
“Üzümüzdə maska vardı. Satıcı bizi görüb, qorxdu ki, birdən ona nəsə edərik. Oradan 300 manat pul və bir qədər də siqaret götürdük. Götürülən siqareti sonradan satıb, pula çevirdik”.
Ə.Həsənov isə deyib ki, aprel ayında Günəşli qəsəbəsində yerləşən marketə basqın edib, oradan 400 manat pul və saç lakı oğurlayıblar.
Sonda təqsirləndirilən şəxslər törətdiyi əməldən peşman olduqlarını bildiriblər.
Proses fevralın 1-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.
Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də, NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb. Cinayət işində beş zərərçəkmiş var.
Etibar Məmmədov