Şəmkir rayon hüquq mühafizə orqanlarının əməkdaşları operativ-axtarış əməliyyatı zamanı Ağcabədi rayon sakini 1972-ci il təvəllüdlü Allahverdiyev Seymur Telman oğlunu həbs ediblər. Saxlanılan şəxs qadını vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilir.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Şəmkir rayon Prokurorluğundan bildiriblər.
Xatırladaq ki, iyun ayının 12-də Şəmkir rayonu Çaparlı kəndində 33 yaşlı Tağılı Nəsibə Akif qızı qətlə yetirilib. Qatil qadının boğazını kəsib və sol əlinə iki bıçaq zərbəsi yetirib. Qətl Tağılının evinin həyətində baş verib.
Ailə həyatı qurmayan Nəsibə Tağılı 15 yaşlı qardaşı qızı ilə yaşayırdı. Tezliklə əməliyyatçılar şübhəli şəxs kimi qətlə yetirilənin kiçik qardaşı Abil Tağıyevi saxlayıblar. İlkin məlumata görə o, bacısını nəsli biabır etdiyi üçün öldürüb.
Bununla yanaşı istintaq zamanı üzə çıxan bəzi nüanslara görə Abil Tağıyevin qətli tək törətmədiyi aşkarlanıb.
“Saxlanılan Seymur Allahverdiyev əvvəllər Nəsibə Tağılı ilə yaşayıb. Sonra qadın onunla görüşməkdən imtina edib. Allahverdiyev ifadələrində qadının onu təhqir etdiyini deyib. O, Nəsibəyə qarşı kinli idi. Allahverdiyev bilirdi ki, Nəsibə Tağılının qardaşı evdən arvadı ilə qovulduğu üçün bacısına acıqlıdır. Allahverdiyev Tağıyev ilə görüşərək onun bacısından söhbət salır. Söhbət zamanı tez-tez Nəsibənin pozğun olduğunu təkrar edib. Bunun cavabında isə Tağıyev də bacısına acıqlı olduğunu bildirib. Kişilər öz aralarında razılığa gəliblər və 12-si gecə Nəsibə Tağılının evinə gəliblər”, - prokurorluqdan bildirilib.
Qadının evində qonaqlar olub. Onlar dağda dincəldikdən sonra evə qayıdıblar. Gecə Nəsibə Tağılı hamama yollanıb. Qadın oradan dəsmala bürünmüş vəziyyətdə çıxıb. Bu zaman qardaşı ona hücum edib, onun əlbiri Allahverdiyev isə Nəsibəni öldürmək üçün ona kömək edib.
Törətdikləri əməldən sonra Tağıyev bacısının evinə daxil olaraq zinət əşyalarını oğurlayıb.
Bundan sonra Allahverdiyev qaçıb. O, Azərbaycan-Gürcüstan sərhəddini keçib. Bunu öyrənən əməliyyatçılar gürcü kolleqalarına Allahverdiyev üçün sorğu yollayıblar. Şübhəli bilinən şəxsi bir neçə gün sonra Gürcüstan-Rusiya sərhəddində saxlayıblar. Allahverdiyev Rusiyaya qaçmaq istəyib. Gürcü əməliyyatçıları Allahverdiyevi şəmkirli kolleqalarına təhvil veriblər.
Fakt üzrə istintaq davam edir.