Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun CM-nin 126.2.4 (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, ötən il iyunun 20-nə keçən gecə “Xutor” qəsəbəsində Binəqədi RPİ 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev dostu Ələddin Qafarova məxsus “Mercedes Gelandewagen” markalı avtomobili idarə edərkən, naməlum şəxslər “Niva” və “Opel” markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər.
Avtomaşınlardan düşən naməlum şəxslər əllərindəki taxta dəyənəklərlə “Mercedes”in şüşələrini sındırıblar, sonra isə Şıxəliyevi bıçaqlayaraq qaçıblar. Hadisədən bir neçə ay sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev və Nurlan Həsənov tutulublar.
İstintaqın gedişatında Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata ayrılıb, digərlərinin işi isə baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş polis rəisi Anar Şıxəliyev bildirib ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır:
“Dostum Ələddin Qafarov özünə məxsus “Mercedes Gelandewagen” markalı avtomaşını mənə vermişdi. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobillər məni ötərək, qarşımı kəsdilər.
Maşından düşən şəxslər beysbol çubuqları ilə maşına vurmağa başlayaraq, şüşələri sındırdılar, onlardan İkisi mənə 3 bıçaq xəsarəti vurdu və sonra hadisə yerindən uzaqlaşdılar. Bıçaq zərbələri qoluma və kürəyimə dəymişdi. Həmin şəxslərdən biri - Ceyhun Niftəliyev mənə bıçaq vurub, digəri isə yoxdur. Nə şikayətim var, nə də tələbim. İstintaqda bildim ki, məni Ələddinlə səhv salıblar”.
Zərərçəkən Ələddin Qafarov ifadəsində “Gelandewagen” markalı avtomobilin sahibi olduğunu bildirib:
“Həmin gün maşını dostum Anara vermişdim. Sonra bu hadisənin baş verdiyini eşitdim”.
Qafarov da təqsirləndirilən şəxslərdən heç birini tanımadığını bildirib:
“Onları ilk dəfədir görürəm, hadisədən bir neçə gün əvvəl təqsirləndirilən Ələkbər Qəhrəmanovun qardaşı Xəyalla maşın alqı-satqısına görə mübahisəmiz olub. Belə ki, Xəyal maşın alarkən, məsləhət gördüm ki, alma. O, isə mənim sözümə qulaq asmayıb, aldı. Sonra maşında problemlər çıxdı, vəssalam. Onun mənə kin saxlamasını düşünə bilməzdim”.
Ələddin Qafarov avtomobilinə 400-500 manat dəyərində ziyan dəydiyini bildirib.
“Maşınımı qardaşım təmir etdirib. Bu şəxslərdən şikayətim və tələbim yoxdur”.
Təqsirləndirilən Ələkbər Qəhrəmanov özünü qismən təqsirli hesab edib:
“Mənim cinayətim yalnız şüşə sındırmaq olub, digər ittihamların heç birini qəbul etmirəm. Hadisə günü qardaşım Xəyal deyib ki, problem var, gedək həll edək. Qarşımızda gedən “Mercedes” markalı maşının qabağını kəsdik.
Mənimlə Anar əllərimizdə dəyənəklərlə maşından düşdük, Nurlan isə düşmədi. Şüşələrə zərbələr endirdik, bıçaq xəsarətlərini Xəyal vurub, ondan başqa heç kimdə kəsici alət olmayıb. Söhbət edib, problemi həll etmək istəyirdik”.
Ələkbər Qəhrəmanov hadisədən sonra xəsarət yetirdikləri şəxsin polis rəisi olduğunu bilib, ona görə də qaçıb, gizləniblər, bir-biriləri ilə əlaqələrini kəsiblər.
Özü bir neçə ay Xaçmaz rayonunun Nabran qəsəbəsində qalıb, sonra isə Bakıya gəldikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və üzərindən 5 qrama yaxın tiryək aşkar olunub. Təqsirləndirilən şəxs ona verilən narkotik maddə ittihamının boynuna zorla qoyulduğunu bildirib:
“Mən heç vaxt narkotik qəbul etməmişəm. Tutulanda dedilər ki, üzərindən narkotik maddə çıxıb”.
Məhkəmə prosesi davam edir.
C.H.
www.oxu.az