Biz Meksikaya qaçmamışıq. İsa hazırda təcridxanadadır.
Oxu.Az xəbər verir ki, bunu ANS SPRESS-ə açıqlamasında Bakının mərkəzində yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırovu döydükdən sonra saxlanılan, daha sonra sərbəst buraxılan general qohumu İsa Əzizovun əmisi oğlu Orxan Əzizov deyib.
O, əmisi oğlu ilə birlikdə Meksikaya qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Orxan Əzizov bildirib ki, onun İsa ilə birgə xaricə qaçması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Hazırda İsaya 30 sutka həbs cəzası verilib və verilən cəzanı çəkir. Yəni ki, azadlıqda deyil. Mən isə Bakıdayam. Heç bir ölkəyə qaçmamışıq. O sadəcə işarələməkdir. Elə-belə yer olaraq Meksikanı işarələmişəm. Saytların paylaşdıqları foto isə təqribən 2 ay əvvəl çəkilib. Bir sözlə İsa hazırda təcridxanadadır".
Orxan Əzizovun paylaşdığı qalmaqallı foto

O.Əzizov əmisi oğlunun həbsinə səbəb olan hadisə barədə danışıb.
Onun sözlərinə görə, "zapravkada" mühafizəçi ilə İsa arasında mübahisə yaranıb. O, iddia edir ki, İsa ilə məntəqə işçisi arasında mübahisə və dava olub. Ancaq İsanın silah çıxarması və "sizi pulla basdıraram" deməsi yalandır.
"Atasının general, yaxud bazar şefi olması ilə bağlı yayılan məlumatlar da doğru deyil. Əmim biznesmendir, ancaq bazar şefi deyil. Məhərrəm Əliyevin qohumumuz olmasına gəldikdə isə o bizim qohumumuzdur. Ancaq yaxın qohumumuz deyil".
Orxan Əzizov- İsa Əzizovun əmisi oğlu

Bu gün Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən İsa Əzizovun apellyasiya şikayətinə baxılıb.
Qeyd olunub ki, 1992-ci ildə Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan Əzizov İsa Nadir oğlu İqtisadiyyat Universitetinin tələbəsidir. O, 2012-ci ildə quldurluq cinayətinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bu cəzadan vaxtından əvvəl azad olunub.
Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.
Döyülən şəxs

Saxlanılanlardan İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.
E.Ə.