Hacı İbrahim Nehrəmli bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılaraq saatlarla dindirilmişdi. Daha sonra o, azadlığa buraxılmışdı. İki gün öncə isə onu yenidən həmin idarəyə gətiriblər. O, hələ də həmin idarədə saxlanılır.
Oxu.Az xəbər verir ki, “Yeni Müsavat” onun yenidən BMCQMİ-yə gətirilməsinin səbəbi haqda məlumat yayıb.
Qəzetə məlumat verən şəxs bildirib ki, “Avesta” konserninin rəhbəri olan Hacı İbrahim Nehrəmli mayın 13-də BMCQMİ-yə aparılandan sonra istintaqla aralarında razılaşma əldə edilib. Buna görə də ona saxlanılan digər sahibkarlardan fərqli münasibət göstəriblər, dindirmədən sonra azad ediblər.
İş adamı sərbəst buraxılandan sonra mətbuata açıqlama verərək Beynəlxalq Bankdan götürdüyü kredit borclarını mayın 19-na qədər geri qaytarmaq öhdəliyi götürdüyünü açıqlamışdı. Belə görünürdü ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan aldığı 78 milyonluq krediti geri qaytarmaq niyyətindədir.
Məlumata görə bundan sonra Hacı İbrahim Nehrəmli ölkədən gizli yolla çıxmaq istəyib. O, Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib. Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən “Avesta” konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər. Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir.
Analitik.az saytı Hacı İbrahim Nehrəmlinin əmlaklarının satışa çıxarılması haqda xəbər yayıb. Satışa çıxarılan əmlaklar arasında daşınmaz obyektlər, bahalı avtomobillər var. Krediti, daha dəqiq desək, Beynəlxalq Bankdan mənimsənilən vəsaiti qaytarmayacağı təqdirdə, həbs təhlükəsi ilə üz-üzə olması “Avesta” prezidentinə anladılandan sonra onun yaxın adamları vasitəsilə hərəkətə keçdiyi bildirilir. Sayt yazır ki, “Avesta holdinq” quru addan başqa bir şey deyilmiş. 150 milyardlıq “Xəzər Adaları” layihəsinə girişən holdinqin rəsmi əmlakı - dəyəri yoxdur. Üzərinə “Avesta” sözləri yazılan binanın da satışa çıxarılması barədə məlumat yayılıb.
“Gənclik” metrosu yaxınlığında, Məmməd Araz küçəsində yerləşən “Avesta” binasının isə sənədlərinin satış üçün hazır olmadığı məlum olub.
Son günlər “Avesta” ümumiyyətlə fəaliyyətini dayandırıb. Tikinti işləri ilə az-çox məşğul olan, konsernə daxil olan şirkətlər də iflic vəziyyətindədir. Rəsmən işçi kimi sənədləşdirilmiş 5-10 nəfər də şirkətin bağlanacağı günü gözləyir. Yeri gəlmişkən, maraqlısı odur ki, 150 milyardlıq layihəni həyata keçirən şirkətin rəsmi işçilərinin sayı barədə məlumat verilmir. Ötən həftənin sonundan “Avesta”da həyat dayanıb. Binaya isə real alıcının tapılacağına ümid yoxdur.
Xatırladaq ki, ötən həftədən Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamları həbs olunub.
E.Ə.
www.oxu.az
Rəylər