Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.
Baş vermiş xüsusilə ağır cinayətin geniş ictimai rezonans doğurduğunu nəzərə alaraq cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
10:16
Hacıqabulda evə basqın edərək bir ailənin dörd üzvünü öldürən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü, Hacıqabul şəhər sakini Mübariz Qibləli oğlu Mehdiyevlə Qəmbərovlar ailəsi arasında mübahisə Rusiya Federasiyasında olarkən başlayıb. Bir neçə gün bundan əvvəl Rusiyadan qayıdan M.Mehdiyev Qəmbərovlar ailəsinin yaşadığı evə basqın edərək, odlu silahla 4 nəfəri öldürüb, 1 nəfəri isə yaralayıb. M.Mehdiyev polis tərəfindən mühasirəyə alınıb və öldürülərək zərərsizləşdirilib.
Silahlı basqın nəticəsində ölən şəxslər bunlardır:
1988-ci il təvəllüdlü Namiq Nazim oğlu Qəmbərov;
1953-cü il təvəllüdlü Nazim Əliağa oğlu Qəmbərov;
1962-ci il təvəllüdlü Gülbağda Eynulla qızı Qəmbərova;
1958-ci il təvəllüdlü Bibilər Malik qızı Qəmbərova;
1971-ci il təvəllüdlü Mübariz Qibləli oğlu Mehdiyev (evə silahlı basqın edən şəxs).
Yaralanan:
1947-ci il təvəllüdlü Məmməd Əliağa oğlu Qəmbərov.
08:37
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib.
Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
A.M.