Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Fəqani Şükürovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il noyabrın 16-da Fəqani Şükürov Abşeron RPŞ-nə gələrək, tanımadığı şəxsi özünə məxsus ov tüfəngindən atəş açmaqla öldürdüyünü bildirib. Dərhal sonra Hökməli qəsəbəsinə yollanan istintaq-əməliyyat qrupu müayinə aparıb, müvafiq maddi sübutlar götürülüb, məlum olub ki, hadisə Şükürovun yaşadığı evinin qarşısında baş verib.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanovun (1992-ci il təv.) ölümünə səbəb almış olduğu güllə yarasından irəli gələn kəskin qanitirmə olub.
İstintaq zamanı iş üzrə dindirilən Fəqani Şükürov sürücü işlədiyini bildirib, həmin gün yorğun olduğu üçün evdə uzanan vaxt pəncərənin qarşısında dayanıb söyüşlə danışan adamların səsini eşidib.
Buna görə çölə çıxıb onlara gedib, başqa yerdə söyüş söyməklərini deyib, əllərində içki şüşələri olub. Lakin cavab olaraq həmin oğlanlardan bir neçəsi onun sözlərinə etirazını bildirib və ünvanına söyüş söyüblər, hətta gənclərdən biri ona bıçaq çıxardıb.
Tanımadığı şəxs bıçaqla Xəqaninin üstünə cumanda, o, evinə girərək tüfəngi götürüb. Sonra isə bayıra çıxaraq həmin tüfənglə qapısının qarşısında söyüş söyən gəncləri qorxutmaq istəyib:
“Onların heç birini tanımırdım. Bizim qəsəbəyə kiminsə yanına gəlmişdilər. Onlardan biri mənə bıçaq çıxaranda tez qaçdım evə. Ov tüfəngim var, onu götürüb bayıra çıxdım. İstədim göyə bir dəfə atım qaçsınlar, getsinlər.
Bu zaman onlardan biri üstümə qaçıb, silahı əlimdən almaq istədi, həmin an barmağım tüfəngin çaxmağına dəydi və atəş açıldı. Mənim onu öldürmək fikrim yox idi. Sadəcə, qorxutmaq istəyirdim ki, çıxıb getsinlər”.
Digər şəxslərin qaçdığını görən Fəqani Kamal Qurbanovu idarə etdiyi “VAZ 2121” markalı avtomobilinə mindirərək, 1 saylı şəhər klinik xəstəxanasına aparıb.
Şükürovun sözlərinə görə, yaralını xəstəxanaya çatdıranda o helə sağ olub, lakin həkimlərin səyinə baxmayaraq, Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Vurduğu oğlanın Kamal Qurbanov olmasını polis şöbəsində təslim olandan sonra bilib.
Məhkəmə prosesində F.Şükürov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, bildirib ki, cinayəti özünü həmin şəxslərdən qoruyarkən törədib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az