Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sərxan Əsədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S. Əsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası yeddi ilə endirilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrın 6-da Sabirabad rayonunun Qaragüney kəndində yerləşən “Fərid” şadlıq sarayında baş verib. Rayonun Ətçələr kənd sakini S. Əsədov bibisi oğlunun toy məclisində olarkən, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovla mübahisə edib. Nəticədə S. Əsədov onları bıçaqlayıb. Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib və onların həyatını xilas etmək mümkün olub. Cinayəti törədən S.Əsədov qaçaraq gizlənsə də, sonra həbs edilib. Məlumata görə, hadisə borc pula görə baş verib.
Etibar Məmmədov