Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Keçmiş nişanlısını özünü öldürmə həddinə çatdıran şəxsə nə qədər cəza verilib?
Gəncə Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırmada və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədə təqsirləndirilən Qüdrət Hacıbabayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, 2023-cü il noyabrın 12-də Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü A.Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin "Instagram" sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq A.Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələri ilə cinayət işi başlanıb, Qüdrət Hacıbabayev saxlanılıb. Bərdə Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. İttihama görə, Qüdrət Hacıbabayevlə A.Qurbanova əvvəllər nişanlı olublar.