75 minlik manatıq dələduzluqda təqsirləndirilən Nizami Hacıyevin barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin vəkili Sənan Mehdiyev vəsatət təqdim edərək müvəkkilinin 67 yaşının keçdiyini nəzərə alaraq onun barəsində olan həbs qətimkan tədbirinin həbs olmayan qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.
Prokuror isə vəsatətin əsassız olduğunu deyərək məhkəmədən onun təmin olunmamasını xahiş edib.
Müşavirədən sonra vəsatətin təmin olunmadığı elan edilib.
Zərərçəkən məhkəmədə ifadəsi zamanı vurğulayıb ki, o, iki yük maşını kibrit gətirilməsi üçün Nizami Hacıyevə pul verib:
"Mən kibrit almaq üçün ona 75 min manat pul vermişəm. O, buna dair söz versə də, müxtəlif bəhanələrlə məsələni yubadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Mən pulumu istəyəndə isə məni şantaj etməyə başladı".
Təqsirləndirilən isə deyib ki, onun zərərçəkənə hər hansı bir borcu yoxdur. Onun dediyinə görə, üzərinə götürdüyü 75 min manatlıq kibriti zərərçəkənə təhvil verib.
Təqsirləndirilənin dediyini qeyri-səmimi ifadə kimi qiymətləndirən hakim onu bir daha səmimi ifadə verməyə dəvət edib.
Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.
N.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, təqsirləndirilən barəsində əvvəl həbs olmayan qətimkan tədbiri seçilsə də ötən iclasda zərərçəkənin vəsatəti ilə onun barəsindəki qərar dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib və məhkəmə zalında həbs edilib.
Elgün Həsənli