Sosial şəbəkələrdə Kürdəmir rayonunun Muradxan kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb.
Məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Baku TV-nin əməkdaşı həmin kənddə olub.
Məsələ ilə bağlı yeniyetmənin nənəsi bildirib ki, nə nişan olub, nə də toy: “Dedim ki, bu işə razılığımız yoxdur. 18 yaşı tamam olsun, həddi-büluğa çatsın, ondan sonra gələrlər, apararlar”.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı - YENİLƏNİB + VİDEO
13:32
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kürdəmir rayonunun Muradxan kəndində 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalara başlayıb.
Bu barədə Bakivaxti.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, evliliyə cəlb olunduğu iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunublar.
Araşdırmalar zamanı məktəbli qızın ərə verilməsi faktı təsdiqini tapmayıb:
“Sadəcə, ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər”.
T.Mərdanoğlu bununla yanaşı bildirib ki, yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb.
Dövlət Komitəsinin sözçüsü məktəbli qızın hazırda dərslərinə davam etdiyini vurğulayıb.
O, həmçinin əlavə edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.
Rəylər