Market administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Yasamal Rayon Prokurorluğunda aparılan ibtidai istintaqla “OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun 2019-cu ilin dekabrın 2-dən 2020-ci ilin mayın 28-dək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən həmin müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İş üzrə vurulan ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.