Mobil telefona gələn zəng Masallıda ağır cinayətə səbəb olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Masallı şəhərinin Dadva adlanan məhəlləsində şəhər sakini, 27 yaşlı Aysel İbrahimxəlil qızı Xancanova bacısı Aygünə məxsus evdə əri 26 yaşlı Mirpaşa Mirsalman oğlu Ağayev tərəfindən aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qətlə yetirilib.
Bədənin müxtəlif nahiyələrindən bıçaq zərbələri alan qadın elə hadisə yerindəcə keçinib. Ağayevlər ailə faciəsinə mobil telefonun səbəb olduğunu deyir.
Mirpaşa Ağayevin atası Mirsalman Ağayev deyir ki, oğlu gəlinini qısqandığı üçün öldürüb.
“Ona zəng olub. O da zəng gələndən sonra çıxıb evdən gedib. Ailənin dağılmağı pis şeydir. Allah bu telefon çıxardanın evini yıxsın. Evləri xaraba qoyur”, - deyə Mirsalman Ağayev bildirib.
Qətlə yetirilən mərhum Ayselin qayınanası Gülpəri oğlu ilə gəlininin son aylara qədər mehriban dolandığını, münaqişənin bu ilin mart ayının 1-də gəlinin 3 uşağını atası evində qoyaraq qəfil Bakıya qaçmasından sonra yarandığını deyir. Naməlum tanışın mobil telefonla etdiyi zənglə ailəsini tərk edən arvadını ay yarım sonra tapan ər olanlara baldızı evində onu qətlə yetirməklə son qoyub.
Artıq hadisəni törətməkdə təqsirli bilinən Mirpaşa Ağayev saxlanılıb. Onun barəsində Masallı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
İşi araşdıran müstəntiq Elmar Əhmədli qətlin qısqanclıq zəminində baş verdiyini təsdiqləyib.
Qeyd edək ki, 2007-ci ildə ailə həyatı quran cütlüyün 6, 5 yaşlarında iki qız, yaşyarımlıq xəstə oğlan uşağı var.
17:48
Azərbaycanda ər qeyri-rəsmi arvadını qətlə yetirib.
Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, aprelin 10-da Masallı şəhəri ərazisində Kolatan kənd sakini Mirpaşa Ağayev qeyri-rəsmi nikah münasibətində olduğu Aysel Xancanovanı evində qısqanclıq zəminində bıçaqla qətlə yetirib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.