Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Daha sonra məhkəmədə baş verən hadisənin videogörüntüsü nümayiş etdirilib.
R.Kərimovun vəkili Orxan Əhmədov növbəti iclasda məhkəmə tərkibinə şifahi etiraz edəcəyini deyib. Hakim isə bildirib ki, məhkəmə tərkibinə etiraz yazılı şəkildə olmalıdır.
Proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.
Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
A.M.