Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakinləri Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevin CM-nin 150.2.1 (seksual xarakterli zorakılıq hərəkətləri bir qrup şəxs tərəfindən törədildikdə), 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri təkrar törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, ittiham aktına görə, 2014-cü il dekabrın 9-da təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər.
Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbin 9-cu sinfində təhsil alan qızı zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza hədə-qorxu gələrək, onu şantaj ediblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən valideynləri ilə birgə RPŞ-nə müraciət edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Qədirli 6 il 6 ay, digər təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar, onların barəsində başqa yerə getməmək haqda qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalında həbs ediliblər.
Hökmdən müdafiəçilər apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxslər barədə bəraət çıxarılmasını xahiş ediblər.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qismən ləğv edilib. Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-nin 150-ci maddəsi ittiahmdan çıxarılıb və həmin maddə ilə onlara bəraət verilib. Digər hissədə isə, yəni CM-nin 182-ci maddəsi ilə hökm qüvvəsində qalıb və həmin şəxslər həbsdə saxlanılıblar.
C.H.
www.oxu.az