Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MN-dəki qalmaqallı məhkəmə bitdi: General-mayor Nizami Məmmədov 11 il 6 ay həbs cəzası aldı
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Oxu.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə son söz demək imkanı verilib.
General-mayor Nizami Məmmədov son söz zamanı özünü qismən təqsirli bilib. O, mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib. General vurğulayıb ki, Məlikməmməd Qurbanovdan 800 min manat almayıb. O qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam", - deyə o bildirib.
Daha sonra Bayram Bayramov da son söz deməklə özünü qismən təqsirli bilib. Bayram Bayramov 235 700 manat vəsaitin mənimsənilməsi ittihamını qəbul etdiyini bildirib. O, üzərinə düşən və dövlətə vurulmuş ziyanı ödəməyə hazır olduğunu deyib.
Bundan sonra Cəlal Kazımov və Vüsal Əlizadə son sözlə çıxış ediblər. Onlar da özlərini qismən günahkar sayıblar, məhkəmədən barələrində ədalətli qərar çıxarılmasını istəyiblər. Onların hər ikisi dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildiriblər. Bundan sonra məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hakimlər hökm elan edib. Hökmə görə Nizami Məmmədov 11 il 6 ay, Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay azadlıqdan məhrum ediliblər. Bundan başqa, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat təşkil edib.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
"Məhkəmə işi" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyində 143 milyonluq MƏNİMSƏMƏ: "Bəzi şahidlərlə üzləşmə sübut kimi götürülməyib"
- Məşhur marketlər şəbəkəsinin sahibini öldürmək istəyənə hökm oxundu
- Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü
- Supermarketin yaxınlığında QƏTL: 50 manata görə ürəyindən bıçaqlandı
- Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü
Rəylər