Bakı Ağır Cinayətlər Məhkəməsində Pirallahı rayon sakini Vadim Naumovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 25-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 41 ünvanında Vadim Naumov tanışı, Abşeron rayon sakini Rauf Hacıyevlə binanın qarşısındakı istirahət güşəsində spirtli içki qəbul ediblər, sonra isə aralarında yaranan mübahisə zamanı Rauf müasir gənclərin timsalında Vadimi söyməyə başlayıb. Bundan əsəbiləşən sərxoş şəxs tanışının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib, sonra isə onu boğaraq qətlə yetirib.
Dərhal sonra Naumov Nərimanov RPİ-yə gələrək, növbətçi hissəyə hadisə barədə məlumat verib. Daxil olan məlumat əsasında hadisə yerinə RPİ və 18-ci polis bölməsinin əməkdaşları cəlb olunub, rayon prokurorluğunun müstəntiqi və ekspertlərin iştirakı ilə hadisə yeri müayinə olunub.
İstintaqın gedişatında məlum olub ki, hər iki şəxs tüfeyli həyat tərzi keçiriblər.
Məhkəmə prosesində ifadə verən Vadim Naumov bildirib ki, həmin gün araq içərkən Rauf indiki gənclərin timsalında ünvanına nalayiq ifadələr işlədəndən sonra, o əvvəlcə yumruqla Hacıyevin sinəsindən vurub, sonra isə daha bir neçə zərbə endirərək, sonuncunu yerə yıxıb.
Əsəblərini cilovlaya bilməyən Vadim araq şüşəsini sındıraraq, şüşə parçası ilə boğazını kəsib, sonra isə əlləri ilə tutaraq, onu boğub. Raufun nəbzini yoxlayaraq Vadim onun artıq nəfəs almadığını başa düşüb və polisə gedib.
Təqsirləndirilən şəxs məhkəmədən onun cavanlığını nəzərə almasını xahiş edərək, törətdiyi əməldən peşman olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə V.Naumov ittiham üzrə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az