Moskva polisi analoji cinayətlərin törədilməsi üçün silahı sınaqdan keçirmək məqsədilə Azərbaycandan gəlmiş şəxsi arbaletdən öldürmüş kişi və qadını saxlayıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, 2012-ci il sentyabrın 12-dən 13-nə keçən gecə, Novouxtomsk şosessindən MKAD-ın 6-cı kilometrinə döngədə oxla vurulmuş naməlum kişi meyidi aşkarlanıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş təhqiqat idarəsinin istintaq orqanları RF CM-in 105-ci maddəsinin 1-ci hissəsi (qətl) nəzərdə tutulmuş cinayətin əlamətləri üzrə cinayət işi qaldırıblar.
Bu cinayətin istintaqı düz bir il davam edib.
Nəticədə 2013-cü il sentyabrın 19-dan 20-nə keçən gecə əməliyyatçılar bu cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı Moskva regionu sakini olan qadını, həmçinin cinayətin bilavasitə təşkilatçısı – 43 yaşlı kişini həbs ediblər.
İlkin məlumatlara görə, üçüncü şəxslər qarşısında pul borcu olan və onu qaytarmaq istəməyən kişi öz “kreditorlarının” qətlini təşkil etmək qərarına gəlib. Bunun üçün o, qadınla əlbir olaraq, əvvəlcədən sualtı ov üçün hazırlanmış arbalet alıb və cinayət planını tərtib edib.
Düşünülmüş cinayəti həyata keçirmək və silahı yoxlamaq üçün qadın yol kənarında təsadüfi bir kişi ilə tanış olub (istintaq müəyyənləşdirib ki, 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı ilə) və uydurulmuş bəhanə ilə onu, ölənin cəsədinin aşkarlandığı su hövzəsinin yaxınlığında “qardaşı” ilə tanış olmağa dəvət edib.
Sonra qadın əvvəlcədən kolluqda gizlədilmiş arbaletdən zərərçəkmişin kürəyinə atəş açıb. Aldığı yaradan azərbaycanlı yerindəcə keçinib, şübhəli şəxslər qaçaraq gizləniblər.
Hazırda saxlanılmış şəxslər barəsində istintaq hərəkətləri həyata keçirilir. Yaxın vaxtlarda onların barəsində həbs-qətiimkan tədbirinin seçilməsi və ittihamın irəli sürülməsi məsələsi həllini tapacaq. Cinayət işinin təhqiqatı davam edir.