Bakı Apellyasiya məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə Bakı şəhər sakini Arzuman Bəşirovun Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.2 (quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.3.3 (quldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, istintaq materiallarına əsasən, 2011-ci il iyulun 14-də Arzuman Bəşirov “Binə” ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın edərək oranın işçisi Əli Əliyevə odlu silahdan atəş açaraq, onu qətlə yetirib və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçıb.
Bakı şəhər BPİ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gündən sonra cinayəti törətmiş, Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulub. O dindirmə zamanı törətdiyi cinayəti etiraf edib və tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib. Xırdalan şəhərində yaşayan İbayevin evinə baxış keçirilərkən Bəşirovun cinayət zamanı istifadə etdiyi “Steçkin” markalı, darağında 17 patronu olan tapança aşkarlanıb, maddi sübut kimi götürülüb.
Araşdırma zamanı təqsirləndirilən şəxsin iki dəfə cinayət məsuliyyətinə cəlb olunub, ilk dəfə qəsdən adam öldürmə cinayətinə görə 15 il, ikinci dəfə narkotik maddə saxlamasına görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkəmə prosesində Arzuman Bəşirov cinayət zamanı adam öldürdüyünə görə peşman olmasını bildirib və qarəti xəstə nəvəsinə görə törətdiyini qeyd edib. Bəşirovun sözlərinə görə, o həmin ticarət mərkəzində fəhlə işləyib, nəvəsinin ayaqlarının əməliyyatı üçün o bir dəfə borca pul alıb, bundan əlavə uşagın atası da xarıcdən 1000 dollar pul göndərib. Həmin ilin aprel ayında Arzuman nəvəsi ilə İran İslam Respublikasına yollanmaqla, Təbriz şəhərində uşağın ayaqlarından birini əməliyyat etdirib. Digər ayağını müalıcə eləmək üçün isə həkimlər əlavə 4000 manat pul istəyiblər. Bu səbəbdən Bəşirov həmin məbləği hər hansı yolla olursa olsun əldə etmək qərarına gəlib və valyutadəyişmə məntəqəsini qarət edib.
Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə A. Bəşirov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Onun şikayəti əsasında işi araşdıran Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
C.G
www.oxu.az