Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb - YENİLƏNİB + SİYAHI
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb.
APA həmin əmlakların siyahısını əldə edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları aşağıdakılardır:
Goranboy rayonu, Aşağı Ağcakənd kəndində bazar dəyəri 20 800 manat olan 0,08 ha torpaq sahəsi;
Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;
Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 395 manat olan qeyri-yaşayış binası;
Goranboy şəhəri, V. Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 000 manat olan daha bir qeyri-yaşayış binası.
10:50
Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Xatırladaq ki, mərhum icra başçısının hüquqi varisi onun qardaşı Cəlaləddin Quliyev tanınır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı N.Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, N.Quliyevin rayon icra hakimiyyəti başçısının keçmiş müavini R.Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. N.Quliyevin R.Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, N.Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunan siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri aşkar olunaraq COVID-19 infeksiyasına yoluxma diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.
"Ağstafa" teqi üzrə xəbərlər
- Ağstafada minik avtomobili aşıb: Xəsarət alan var
- Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər - Ağır ittihamlar var
- Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
- Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
- Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər