Ali Məhkəmədə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin əmlaklarının müsadirə edilməsi barədə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən yekun iclasda qərar elan olunub.
Şikayət qismən təmin olunub və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, R.Məlikzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Bakı Apellyasiya Məhkəməsi məhkumun apellyasiya şikayətini təmin etməyib. Həmin qərardan Ali Məhkəməyə müraciət edib. Şikayət ərizəsində Rəşad Məlikzadənin ziyanın bir qismini ödədiyi, buna baxmayaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əmlaklarının müsadirə edilməsi barədə qərar verildiyi qeyd olunub. Müdafiə tərəfi müsadirənin düzgün tətbiq etmədiyini əsas gətirərək kassasiya şikayəti verib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, 9 milyon 369 min 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.