Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Bərxudar Yusifovun (1959-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 19-u axşam saatlarında Binəqədi qəsəbəsində, “Gəncə” kafesinin qarşısında aralarında yaranan mübahisə zamanı Bərxudar Yusifov qəsəbə sakini Nurlan Ağayevi (1981-ci il təv.) boyun nahiyəsinə bıçaqla xəsarətlər yetirərək, onu ağır yaralayıb. Sonuncu 6 saylı şəhər xəstəxanasına aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib. Araşdırmaya başlayan Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları cinayəti törədən Bərxudar Yusifovu saxlayıblar.
İş üzrə dindirilən şübhəli şəxs mərhum Nurlan Ağayevlə qonşuluqda yaşadığını bildirib. Onun sözlərinə görə, həmin axşam kafedə olarkən özündən 22 yaş kiçik olan Ağayev ona heç bir səbəb olmadan “ilişməyə” başlayıb, Bərxudar isə onu özündən uzaqlaşdırmağa çalışıb, ona görə ki, Nurlan bərk sərxoş olub. Yusifovdan onun üçün araq almasını istəyən Ağayev axırda ona qarşı ağır söyüşlər söyüb, həmin ifadələrə artıq dözməyən Bərxudar Nurlandan çölə çıxmasını tələb edib və küçədə, kafedən götürdüyü bıçaqla ona zərbələr endirib.
Məhkəmə prosesində iş üzrə ifadə verən Bərxudar Yusifov əməlindən peşman olduğunu bildirib, onun sözlərinə görə “kaş ki araq alardım, bu hadisə baş verməzdi”.
Zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyası çərçivəsində onun cəzalandırılmasını xahiş edib.
Məhkəmənin hökmü ilə B.Yusifov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az