Bakının Suraxanı rayonunun eyni adlı qəsəbəsində silsilə oğurluqlar olub.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, qəsəbənin Zərdabi küçəsində baş verən bu hadisə zamanı 5 vətəndaşa məxsus avtomobilin dövlət nömrə nişanı naməlum şəxslərin hədəfinə tuş gəlib.
Sakinlərin sözlərinə görə, gecə həmişəki qaydada avtomobillərini öz evlərinin qarşısında park etsələr də, səhər tezdən nömrələrin yoxa çıxdığını görüblər. Məhəllədə düşən hay-küydən bəlli olub ki, təkcə Zərdabi küçəsindən 5 avtomaşının qeydiyyat nömrəsi oğurlanıb.
Zərərçəkən Orxan Hüseynzadə deyir ki, gece saat 12.00-da evə gəlib və avtomobili həyətdə saxlayıb: “Saat 2-də səsə oyandım. Həyətə çıxdım gördüm sakitçilikdir. Təkrar evə qayıdıb yatdım. Səhər saat 4-də qonşu işə gedəndə görüb ki, maşının nömrəsini aparıblar”.
Zərərçəkənlərin sözlərinə görə, hadisənin baş verdiyi gecə digər məhəllədən də 3 avtomobilin nömrəsi oğurlanıb.
Səhər gördüm ki, maşının qapısı açıqdır. Dərhal maşına baxış keçirdim. Gördüm ki, sürücülük vəsiqəsi və maşının texniki pasportunu götürüblər”, deyə zərərçəkən Rafiq Şəfiyev bildirdi.
Zərərçəkənin sözlərinə görə, hadisədən sonra əraziyə polis əməkdaşları da gəlib. Onların izahatları da alınıb. Baş verən hadisə ilə bağlı araşdırmaların nə yerdə olduğunu öyrənmək üçün Suraxanı Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, həmin faktla bağlı artıq cinayət işi başlanılıb. Hələlik heç kim şübhəli şəxs qismində istintaqa cəlb edilməyib.
O ki qaldı vətəndaşların maşınlarının nömrəsi məsələsinə, bildirildi ki, zərərçəkənlər ərazi üzrə 31-ci polis bölməsinə müraciət edərək oradan arayış ala və həmin sənəd əsasında yeni nömrə sifariş verə bilərlər.