Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Samur Həsənovun (1978-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il iyulun 12-si saat 03.30 radələrində Biləcəri qəsəbəsinin Meydan adlanan ərazisində idmançılar arasında dava baş verib. Dava zamanı Samur Həsənov 33 yaşlı Fərid Həsənov və onun 37 yaşlı qardaşı Şəhriyarı bıçaqlayıb.
Kliniki tibbi mərkəzə çatdırılan Fərid Həsənov kəskin qanitirmədən dünyasını dəyişib, Şəhriyarın həyatı isə həkimlər tərəfindən xilas edilib. Həmin gün şübhəli şəxsi Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları həbs edərək istintaqa təhvil veriblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs və zərərçəkənlər Biləcəri qəsəbəsində eyni idman zalında boksla məşğul olublar. Dövlət orqanlarından birində mühafizəçi işləyən Samurla qardaşlar arasında mübahisəyə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Bir-birlərinin ünvanına qarşılıqlı söyüşlər işlədəndən sonra Samur üzərindəki bıçağı çıxararaq əvvəl Fəridə, sonra isə Şəhriyara zərbələr endirib və hadisə yerindən qaçıb.
Məhkəmə prosesində Samur Həsənov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, göstərib ki, baş vermiş dava zamanı o, özünü qorumaq məqsədi ilə zərərçəkənləri bıçaqlayıb. O, əməlindən peşmançılıq çəkdiyini qeyd edib. Zərərçəkən Şəhriyar Həsənov təqsirləndirilən şəxsin yalan ifadə verdiyini və onun davaya hazırlıqlı gəldiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən S.Həsənovun müdafiəçisi apellyasiya şikayəti verərək, təyin olunan cəzanın azaldılmasını xahiş edib, lakin işi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az