Həştərxan vilayətində əslən azərbaycanlı olan əlbəyaxa döyüş üzrə Rusiya çempionu və DİN müdaviminin iştirak etdiyi davada adam öldüyünə görə iki il azadlıqdan məhrum edilib.
Onu “ehtiyatsızlıq ucbatından adam öldürmə” maddəsi ilə ittiham ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a vilayət üzrə İstintaq İdarəsinin İstintaq Komitəsinin rəhbərinin baş köməkçisi Andrey Xeqay bildirib.
İstintaq və məhkəmə müəyyən ediblər ki, 2013-cü il may ayının 19-da gecə Kamil Ələkbərov Znamensk şəhərində yerləşən “Merkuriy” kafesində sərxoş halda olub. Gənc adam ilə tanımadığı bir kişi arasında münaqişə yaranıb, kişinin müdafiəsinə dostu qalxıb.
“Dava zamanı Ələkbərov yerli sakinə başından zərbə endirib, həmin zərbədən yıxılan kişi huşunu itirib. Zərərçəkən kəllədaxili travma ilə Axtubinsk mərkəzi rayon xəstəxanasına çatdırılıb, 2013-cü ilin may ayının 26-da özünə gəlmədən dünyasını dəyişib”, - Xeqay bildirib.
Öncədən cinayət işi “ölümlə nəticələnən, qəsdən sağlamlığa zərər yetirmə” maddəsi ilə açılıb, amma məhkəmə zamanı təsnifatlaşdırılaraq maddə dəyişdirilib, TASS bildirib.
Ələkbərov əlbəyaxa döyüş üzrə usta və Rusiya çempionudur. Bundan başqa o, DİN Volqoqrad akademiyasının ikinci kurs müdavimidir.
Znamenskdəki hadisə dərsdən kənar zamanda baş verib. İnsidentdən sonra müdavim akademiyadan çıxarılıb.
E.Ə.
www.oxu.az