Ufada üç Azərbaycan vətəndaşı rayon məhkəməsi qarşısında dava salıblar. Zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla əlaqədar müttəhimin hərəkətləri təsnifləşdirilərək ona dair cinayət işi polis orqanlarından istintaq komitəsinə verilib.
İdarənin məlumatına əsasən, 2015-ci il martın 31-də Leninsk rayonunda öz yerlilərinə qarşı fırıldaqçılıqda, zorla pul almaqda ittiham edilən xarici vətəndaşların cinayət işinə dair iclas baş tutub.
Bu zaman müttəhimlərin və zərərçəkənlərin qohumları məhkəmə binasının yanında qərarı gözləyiblər. Onlardan biri mübahisə salıb. Dava zamanı iki vətəndaşa bıçaq yarası vurulub, 48 yaşlı kişinin başına isə beysbol dəyənəyi ilə zərbə vurublar.
Bir həftə sonra 48 yaşlı zərərçəkən xəstəxanada dünyasını dəyişib. Onun sağlamlığına bilərəkdən zərər vurmaqda 25 yaşlı kişi ittiham edilir, bunu rayon üzrə İstintaq komitəsinin mətbuat xidmətindən bildiriblər.