Rusiyanın Kemerovo şəhərində məhkəmə “Zvezda Vostoka” kafesində dava zamanı kişinin qətlə yetirilməsində ittiham olunan Azərbaycan vətəndaşına hökm oxuyub.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, məhkəmə ona ciddi rejimli koloniyada 11 illik həbs cəzası təyin edib.
31 yaşlı müttəhimi qətl və sağlamlığa bilərəkdən ciddi zərər yetirməkdə günahkar hesab ediblər. İstintaq komitəsindən bildirilib ki, sübutlar məhkəmə qərarının çıxarılması üçün yetərli olub.
Xatırladaq ki, “Zvezda Vostoka” kafesi yaxınlığında dava 2014-cü ilin aprelində baş verib. Dava nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Həmin ilin mayında məlum olub ki, dava iştirakçılarından biri və qətldə şübhəli şəxs saxlanılıb.
Həmin şəxs 31 yaşlı Azərbaycan vətəndaşı olub və insidentdən sonra Kemerovo vilayətini tərk edib.
www.oxu.az