Voronejdə polislər və müstəntiqlər dekabrın 10-da Patriotı prospektində yerləşən “Lesnaya skazka” kafesində 37 yaşlı kişinin qətlində şübhəli bilinən şəxsi saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə RİA “Voronej” məlumat yayıb.
Qatil olduğu ehtimal edilən şəxs 32 yaşlı əslən Azərbaycanın Xanlar (indiki Göygöl) şəhərinin sakinidir, region üzrə DİN Dövlət İdarəsində dekabrın 21-də məlumat yayıblar.
Kişi ifadəsində cinayəti etiraf edib və qətl hadisəsini törətdiyi silahı – tapançanı təhvil verib. Məhkəmə kişini nəzarət altına alıb.
İstintaqın məlumatına görə, tanışlar arasında münaqişə saat 23:00-23:55 radələrində olub. Nəticədə 32 yaşlı kişi 37 yaşlı kişiyə bıçaqla qarın nahiyəsindən zərbə vurub və üzünə tapançadan atəş açıb. Yaralı kişi kafedən çıxmağa cəhd edib, amma arxa çıxışın pilləkənində yıxılıb qalıb.
Atəş açan kişi işini yarımçıq qoymamaq qərarına gəlib, kompüterin sistem blokunu götürüb və iki dəfə 37 yaşlı kişinin başına vurub. Hücum edən şəxs hadisə yerindən qaçıb, zərərçəkən isə başından və qarnından aldığı yaralardan hadisə yerində keçinib.
Rusiyanın İstintaq komitəsinin Voronej vilayəti üzrə istintaq şöbəsi RF CM-nin 105 m. 1.b. (qətl) üzrə cinayət işinin istintaqını davam etdirir, bu barədə dekabrın 21-də istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Şahidlər dindirilir, məhkəmə ekspertizaları təyin edilib.
RİA “Voronej”in məlumatına görə, qətlə yetirilən 37 yaşlı şəxs Azərbaycandan olan kriminal avtoritet olub.
Onun həmyerliləri ilə münaqişəsi olub, kafedə görüş məhz bu mübahisəli məsələlərə görə təyin edilib.
İlkin məlumata görə, qatildən və qətlə yetirilən şəxsdən başqa kafedə iki tanış adam da olub. Tərəflər razılaşmaya gələ bilməyiblər.
Meyit arxa çıxışda olduğu üçün onu dərhal aşkar etməyiblər. Həlak olan kriminal avtoritetin Voronejdə qohumları yaşayır.
O, özü isə Moskvada yaşayırdı, amma buna baxmayaraq yerlilər ilə maraqların üst-üstə düşməməsi ucbatından münaqişə yaranmışdı.