43 yaşlı Podmoskovye sakini 20 ildə ikinci dəfə qaçırılıb.
Uzaq 90-cı illərdə Mıtişıda mağaza və restoran sahibi olan qardaşı onun üçün pul verib.
İndi isə girov doqquz gün əsirlikdə qaldıqdan sonra möcüzə nəticəsində qaçıb.
Oxu.Az “MK”-yə istinadən xəbər verir ki, 43 yaşlı azərbaycanlı Məmməd (bütün adlar dəyişdirilib) yanvar ayının 26-da evinin yanından qaçırılıb.
Kişi elə hadisə ərəfəsində naməlum şəxslərin onun “Porsche Cayenne”-nin yanında avaralandıqlarını görüb, amma buna məhəl qoymayıb. Lakin maşınına tərəf gedəndə və işə yola düşmək istəyərkən (o Puşkino restoranında çalışır) bu naməlum şəxslər yenidən peyda olublar.
Onlardan biri Məmmədə vəsiqə göstərib, kişinin diqqəti yayındıqda iki nəfər onu yumruqlayaraq maşına oturdub naməlum istiqamətdə aparıblar. Bir saat yol getdikdən sonra maşını dəyişib yola davam ediblər.
Oğurlanan şəxsin başında torba olub. Tezliklə onu qapalı məkana salıblar, məhz burada qardaşı yardım edənə qədər gözləməli olduğunu deyiblər.
Məmməd tezliklə söhbətin nədən getdiyini anlayıb. 20 il bundan öncə onu oğurlamışdılar, o zaman məsələni milissiz həll etmişdilər.
Məmmədin qardaşı Puşkinoda restoranın və böyük ərzaq dükanının sahibidir. O illərdə qardaşı sadəcə istənilən məbləği ödəməyi qərara almışdı, amma məbləğin nə qədər olduğunu Məmmədə deməmişdi. Bu dəfə isə biznesmenin qardaşının həyatı üçün 3 milyon dollar pul istəyiblər. Amma cinayətkarlar planı sona çatdıra bilməyiblər.
Onlar Məmmədlə yetərincə yaxşı rəftar ediblər, yedirib, siqaretə qonaq ediblər. Əlləri qandalla batareyaya bağlı olan əsirin qarşısında bir dəfə “spays” çəkiblər, hətta ona da təklif ediblər, o isə etiraz edib.
Fevral ayının 4-də Məmməd qaça bilib. O sadəcə onlardan birindən qandalı çox sıx bağlamamağı xahiş edib. O isə “qolbaqları” bağlayıb, amma batareyaya - radiatorunun borusuna keçirməyi unudub.
Məmməd bəxtinə inanmayıb və bir qədər sonra hamı bir müddətlik çıxdıqdan sonra pəncərədən qaçmağı qərara alıb. Buna müvəffəq olan Məmməd yoldan keçən ilk insanlara çataraq polis çağırıb.
Yeri gəlmişkən, onu Klində atılmış evə gətiriblər. Hüquq-mühafizə orqanları əməkdaşları vaxtında gəliblər.
“Hadisə yerinə gəlmiş polis əməkdaşları öz avtomobillərində ordan qaçmağa çalışan iki şübhəli şəxsi saxlayıblar”,- “MK”-ya əyalət üzrə Dİİ rəhbərinin baş köməkçisi Olqa Vradiy bildirib.
Üçüncü şübhəli bilinən şəxs operativ tədbirlər zamanı saxlanılıb.