Bakı Ağır cinayətlər məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə Bakı ş. sakini Vüqar Yunisovun (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il mayın 6-da Yasamal rayonunun 11-ci Xrebtovı küçəsində yerləşən 105 saylı evdə qətl baş verib. Səhərisi gün Vahid Əhmədovun meyiti kirayə qaldığı evin sahibi tərəfindən tapılıb, daha sonra o, bu barədə Yasamal RPİ 28-ci polis bölməsinə məlumat verib.
Hadisə yeri müayinə edildikdən sonra mərhumun meyiti məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Araşdırma aparılarkən, üç uşaq atası olan Vahid Əhmədovun əvvəl polis orqanlarında işləməsi, hadisədən bir müddət əvvəl təqaüdə çıxması və sözügedən evdə tək yaşaması məlum olub.
Səhərisi gün Yasamal RPİ Cinayət-axtarış şöbəsi və 28-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Vüqar Yunisov tutulub. Dindirmə zamanı, o, törətdiyi cinayət əməlini etiraf edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, mayın 6-da axşam o, Vahid Əhmədovla spirtli içki qəbul edəndən sonra, sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bunun nəticəsi olaraq, Yunisov masa üzərindən götürdüyü bıçaqla Əhmədovun döş və qarın nahiyəsinə zərbələr vurub, sonra isə qorxaraq, hadisə yerindən qaçıb. Yeniyetmə törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Vüqar Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.
C.H.
www.oxu.az