Oxu.Az-ın suallarına politoloq, Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev cavab verir:
- İran XİN rəhbəri bazar ertəsi Bakıda ölkəsinin Azərbaycan və Ermənistana Dağlıq Qarabağ probleminin həll edilməsinə dair yardıma hazır olduğunu bəyan edib. Tehran əslində belə imkana malikdirmi?
- İran Qarabağ məsələsinin Azərbaycan üçün nə qədər həssas məsələ olduğunu bilir, ona görə də hər dəfə öz yardımını təklif edir. Baxmayaraq ki, öz günahı ucbatından təcrid olunmuş vəziyyətdə qalan Ermənistanı dəstəkləyir, yenə də İranın bu məsələnin bizim xeyrimizə həll olunmasına yardım edəcək dərəcədə Ermənistana təsir etmək imkanı yoxdur. Bakının tələbləri çox sadədir – Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxarılması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində muxtariyyətin verilməsi. Düşünmürəm ki, İranın bu məsələni həll etməyə imkanı var. Ona görə də İrandan çox şey gözləmirəm.
- Azərbaycan və İranın xarici işlər nazirlərinin danışıqları zamanı yeni Azərbaycan-Türkiyə-İran regional istiqaməti çərçivəsində münasibətlərin inkişafı perspektivi müzakirə edilib. Bu formatın perspektivləri necədir?
- Qonşularla regional təhlükəsizlik məsələlərinə dair dialoq hər zaman lazımdır. Əgər dialoq üçün qapı bağlansa, bu qapı arxasında gedən dialoq bizim xeyrimizə olmayacaq. Türkiyə ilə bizim belə problemimiz olmayıb, ola da bilməz, amma İranla belə məsələlər yarana bilər. Məsələn, Azərbaycanın cənubunda separatizmin inkişafı. Əməkdaşlıq bu təhlükəni neytrallaşdırmağa imkan yaradacaq. Müvafiq olaraq, İran bizim tərəfimizdən onun işlərinə qarışmayacağımıza ümid edə bilər.
Bundan başqa üç ölkə arasında müəyyən iqtisadi əlaqələr də var. Bizim əsas sərvətimiz – Türkiyəyə ixrac etdiyimiz neftdir. Amma İran bazarı azad qalır. Digər tərəfdən, qeyri-neft sektoru Azərbaycan tərəfindən İrana ixrac edilir.
- Rusiya politoloqu S.Markov hesab edir ki, digər regional üçtərəfli format Ankara-Bakı-Moskva böyük perspektivlərə malikdir, bununla yanaşı İrəvan-Tehran-Moskva xətti də saxlanılır. Azərbaycanın İran ilə yaxınlaşması ikinci xətt tərəfindən ünvanımıza mümkün təhlükəni minimuma endirə bilərmi?
- İrəvan-Moskva xətti həmişə olub. İrəvan-Tehran-Moskva xətti də olub, amma daha az miqyası əhatə edirdi. Unutmaq lazım deyil ki, bəzi məsələlərdə İran və Rusiya rəqib ola bilərlər. Bu əsrlər boyu elə olub. Ona görə də İran və Rusiyanın qarşılıqlı fəaliyyəti məhduddur. İrəvan-Tehran-Moskva üçbucağı bizim üçün bugünkündən artıq təhlükə yaratmayacaq. Azərbaycan üçün əsas olan Rusiya və İranın Ermənistanı dəstəkləmələridir. Bu isə Ermənistana Azərbaycana qarşı işğalçı siyasətini həyata keçirməyə imkan verir. Əgər kənardan bu dəstək olmasaydı, Ermənistan işğal etdiyi torpaqları çox güman ki, belə uzun müddət saxlaya bilməzdi.
Ankara-Bakı-Moskva formatı haqqında bir neçə söz. Rusiya Azərbaycan və Türkiyə arasında olan münasibətləri bilir. Moskvada Türkiyənin Qafqaz regionunda olan maraqlarını və bu regionda Ankaranın əsas əməkdaşı kimi Azərbaycanın çıxış etdiyi faktını anlayırlar. Bu formata dair Rusiya təşəbbüsü də elə buradan yaranıb. Mənə elə gəlir ki, o burada daha çox udur. Rusiya həm türklər, həm də bizim üçün böyük bazardır. Bazar kimi o bizə sərfəlidir. Amma Rusiya Türkiyə ilə tarixən rəqib olublar. Hal-hazırda Moskva və Rusiyanın yaxınlaşması Rusiyanın qərbi sanksiyaları altında olması ilə əlaqədardır. Ona müttəfiq lazımdır. Azərbaycan onun üçün yaxşı müttəfiqdir. Azərbaycan hardasa Rusiyanı dəstəkləyir, hardasa yolunu kəsməməyə çalışır. Biz bunu bu yaxınlarda AŞPA səsverməsində, Azərbaycanın Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxarkən gördük.
Amma eyni zamanda Rusiya Ermənistan ilə müttəfiqlikdən imtina etmir. Rusiya nə qədər zəifləsə də, bu müttəfiqlikdən heç vaxt imtina etməyəcək.
- Bəzi analitiklərin Azərbaycanın yerləşmə regionu, dünya dövlətlərinin siyasətində periferik yer tutmasına dair iddiaları fonunda, Bakıya demək olar ki, bir gündə İran və ABŞ-ın yüksək vəzifəli şəxsləri – xarici işlər naziri Zərif və dövlət katibinin müavini Nuland səfər etdilər. Bu, Azərbaycanın həm regional, həm də qlobal dövlətlərin siyasətində vacib yer tutması demək deyilmi?
- Bu, əhəmiyyət elə də kiçik deyil. Böyük dövlətlərin siyasətində çox dövlət belə rol oynamır. Amma hamının milli maraqları mövcuddur, heç kim Azərbaycanı belə maraqları olmasında ittiham edə bilməz. Biz qərbin onunla müharibə apardığı dövrdə Rusiya ilə münasibət qura bilərik. Çünki Rusiya bizim regionda daha güclüdür, onun regional proseslərə təsir imkanı daha çoxdur. Qərb ilə də eyni vəziyyətdir. Onun üçün Əfqanıstana yeganə dəhliz (orada Vaşinqtonun missiyası bitənə qədər) Bakıdan keçir. Bundan başqa Amerika istəyir ki, Mərkəzi Asiyanın enerji resursları Avropaya nəql edilsin. Bu məsələdə Azərbaycan öz maraqlarına müvafiq yardım göstərir. ABŞ və İran arasında münasibətlərin normallaşmasına dair gözlənilənlərə baxmayaraq vəziyyət dəyişmir. Azərbaycan isə Rusiya və İran arasında yerləşir. Yəni əgər amerikalılar bu iki dövlətə qarşı effektiv siyasətə malik olmaq istəyirlərsə, Azərbaycanı nəzərə almadan bu, mümkün olmayacaq.
L.H.
www.oxu.az