Bakı Ağır cinayətlər məhkəməsində Suraxanı rayon sakini Elşən Vəliədovun (1983-cü il təv.) CM-nin 120.2.9 (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 29,186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, istintaq materiallarına əsasən, ötən il fevralın 18-də Bülbülə qəsəbə sakini, eşitmə və danışma qüsurlu Güllərə Qurbanovanın (1946-cı il təv.) üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Əzizbəyov küçəsindəki, 13 ünvanda qızı və nəvəsi tərəfindən yatdığı çarpayıda aşkar edilib. Yaxınları ilə aparılan sorğu-sualdan evin qarət olunması məlum olub.
Faktla əlaqədar ilkin olaraq Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, G.Qurbanovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.
Bakı ş. BPİ, Suraxanı RPİ və 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 12 gündən sonra qeyri-aşkar şəkildə törədilmiş qətlin açılması və cinayətin törədilməsində şübhəli bilinən şəxsin tutularaq istintaqa cəlb olunması təmin edilib. Həmin qəsəbədə yaşayan mərhumun qohumu Elşən Vəliədov martın 1-də tutulub və istintaqa təqdim edilib.
İstintaqla müəyyən edilib ki, ayın 18-i səhər saat 9 radələrində Elşən Vəliədov hasardan aşaraq, qanunsuz yaşayış sahəsində daxil olub, Qurbanova onu görəndə qorxub, diqqətlə gözlərinin içinə baxıb, sanki nə məqsədlə gəldiyini hiss edib. Vəliədov heç nə demədən qadına əllə zərbələr endirib, evdə saxlanılan qiymətli əşyalar və pulun saxlanc yerini imdad diləyən Güllərədən öyrəndikdən sonra onu öldürmək qərarına gəlib. Niyyətini başa çatdırmaq üçün köməksiz vəziyyətdə olan qadını yerə yıxıb, dizləri ilə döş qəfəsinə təzyiq edərək, boyun üzvlərini sıxıb. Qurbanovanı öldürdükdən sonra yataq otağındakı şkafda, gödəkçənin cibində saxlanılan 450 manat pulu, ümumi dəyəri 600 manat olan 3 ədəd qızıl üzüyü, habelə mərhumun üzərində gəzdirdiyi, dəyəri 400 manat olan qızıl sırğa-üzük dəstini və boyunbağını, cəmi 1450 manat məbləğində pul və zinət əşyalarını ələ keçirib.
Bundan sonra, Vəliədov cinayətin izini itirmək məqsədi ilə meyiti çarpayıya uzadıb. Partlayış kimi təhlükəli üsulla evi məhv etmək üçün o mətbəxə keçərək qaz sobasının hər üç gözünü açıb və evi tərk edib. Geri hasardan küçəyə tullanıb və çıxıb gedib.
Axşam evə qayıdan qadının nəvəsi Leyla İsrafilzadə qapının açıq olduğunu, içəri daxıl olduqda isə qaz iyi gəldiyini hiss edib. Partlayış baş verəcəyindən ehtiyat etdiyinə görə işığı yandırmayıb, əksinə qapı və pəncərələri açıb. Telefonun işığı ilə ətrafa göz gəzdirib, nənəsini axtararkən, onu hərəkətsiz halda çarpayıda aşkar edib. Qışqıraraq qonşuları köməyə çağırıb, sonra isə 31-ci polis bölməsinə məlumat verilib.
Məhkəmə prosesində Elşən Vəliədov ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə cinayət təqibi ilə bağlı sübutları tam araşdırıb təqsirləndirilən şəxsin 3-cü qrup əlil, onun üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan Güllərə Qurbanovanın tamah niyyəti ilə qəsdən öldürməsinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Vəliədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.
C.H.
www.oxu.az