Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, idarə əməkdaşlarının Göygöl rayonu ərazisində keçirdiyi reyddə insident qeydə alınıb.
Belə ki, sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb.
Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçsalar da, daha sonra saxlanılıblar.
Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektoru, çavuş Ağa Məmmədova daşla xəsarət yetirən şəxs Elşən Abbasovdur. Onun ağır dərəcəli sərxoş olduğu bildirilir.
İş üzrə istintaq tədbirləri davam etdirilir.