Bakının Nizami rayonunda dünən günorta qətl hadisəsi törədilib. Nuriyev küçəsində, Bakı sakini 1993-cü il təvəllüdlü Cəfər Teymurova iki bıçaq zərbəsi vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Nizami rayon Polis bölməsindən bildiriblər.
Məlum olub ki, Teymurov hospitala yatırıldıqdan sonra dünyasını dəyişib. Artıq üç saat sonra Nizami rayon 24-cü polis bölməsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən şəxs saxlanılıb. Bu, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov olub.
İlkin istintaqda dindirilmə zamanı saxlanılan şəxs Teymurovu onun anasının ünvanına təhqiredici sözlər söyləməsi səbəbindən öldürdüyünü deyib. Məlum olub ki, cinayət törədilərkən hər iki gənc sərxoş olublar.
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılıb, istintaq davam edir.