Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndirilənin hadisəni törədən zaman həqiqətən anlaqsız vəziyyətdə olub-olmaması ilə bağlı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edib.
Müşavirədən sonra məhkəmə vəsatəti qəbul edib.
Təqsirləndirilən Emil Ağacanovun təkrar kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasından keçirilməsi ilə bağlı məhkəmə qərar qəbul edib.
Ekspertizanın rəyinin məhkəməyə daxil olması üçün proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib.
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Onu da qeyd edək ki, Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və italyan brendi "YAMAMAY"ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.
Elgün Həsənli