Sumqayıt sakini üç yaxın qohumunu diri-diri yandırdı
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.az-a Sumqayıt şəhəri Polis İdarəsindən bildiriblər.
Fevralın 6-dan 7-nə keçən gecə “Corat bağları” yaşayış massivində 1991-ci il təvəllüdlü Abbasov Əsgəralı Füzuli oğlu evin üzərinə benzin tökərək, anasının üç qardaşını: 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyevi, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyevi və 1960-ci il təvəllüdlü Ağamalı Mirzəyevi diri-diri yandırıb.
Törətdiyi əməldən sonra Abbasov polisə müraciət edib.
Məlum olub ki, Abbasov evin qapısını bayırdan bağlayıb, pəncərədə barmaqlıqlar olduğu üçün Mirzəyev qardaşları xilas ola bilməyib, tüstüdən boğularaq ölüblər.
İstintaq zamanı müəyyən edilib ki, qətldən bir müddət əvvəl Mirzəyev qardaşları öz bacıları oğlunu alçaldıblar, o isə öz növbəsində onları bunun qisasını alacağı ilə hədələyib. Abbasov onları yandıracağını belə dilə gətirib. Dayıları isə buna əhəmiyyət verməyərək “Sizin nəsildə kişi olmayıb, olmayacaq da” deyiblər. Bu söz cavan oğlana elə təsir edib ki, o, kimin kişi olub-olmadığını sübut etmək qərarına gəlib.
Xəbər verilir ki, cinayət Mirzəyev qardaşlarından birinin gözətçi olduğu evdə baş verib.
Mirzəyevlər qardaşlarına baş çəkməyə gediblər. Arada bacıları oğlu da gəlib. Konflikt də elə bu görüşlərin birində olub. Araşdırma zamanı Abbasov bildirib ki, əslində o iki dayısını cəzalandırmaq istəyib, gözətçi işləyən dayısına qarşı münasibəti pis deyildi.
“Elə bilirdim dayım xilas olacaq, o biri ikisi isə yanacaq” – deyə Abbasov istintaq zamanı bildirib.
Məlum olub ki, cinayət zamanı zərərçəkənlər sərxoş olduqları üçün lazımi reaksiyanı verə bilməyiblər.
15:50
Əsgəralı Abbasov dayılarının olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.
Üç dayısını yandıraraq öldürən şəxs Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həbs edilib.
Məlumata görə, hadisə baş verən zaman hadisəni törədən və ölən şəxslər sərxoş olublar. Onlar bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.
23 yaşlı Ə.Abbasov da dayılarının sərxoş olmasından istifadə edərək onların olduğu otaqdakı yorğan-döşəyə od vurub və otağın qapısını bağlayıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.