Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Famil Zamanovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 6-da Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Bül-Bülə qəsəbəsində yaşayan Məzahir Novruzovu öz evində ölmüş vəziyyətdə aşkar ediblər. İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, M.Novruzovun ölümünə aldığı xəsarətlər nəticəsində baş-beyin nahiyəsinə qansızma səbəb olub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Famil Zamanov saxlanılıb, rayon prokurorluğunda onun barəsində CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, hadisə baş verən gün Famil Zamanov tanışı Məzahir Novruzovun evinə gəlib və onlar orada yeyib-içiblər, sonra isə aralarında şəxsi münasibətlərin aydınlaşdırılması zəminində mübahisə başlayıb. Novruzovla Zamanov bir-birlərinin ünvanına nalayiq ifadələr işlədərək dava etməyə başlayıblar, ev sahibindən güclü olan Famil ona əl və ayaqla zərbələr endirib. Məzahirin döşəməyə yıxıldığını görən şəxs ona köməklik göstərmədən, hadisə yerindən uzaqlaşıb.
Məhkəmə prosesində F.Zamanov ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirib. İşi araşdıran məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs əməli qəsdən yox, ehtiyatsızlıqdan törədib. Qərara əsasən cinayət işi CM-nin 120.1-ci maddəsindən 126.3-cü maddəsinə tövsif olunub.
Bu il aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Zamanov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az