Talassemiyalı uşaqlar üçün toplanmış təxminən 1 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova və onunla birlikdə təqsirləndirilən Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərdən biri Sahid Mövsümov məhkəmədə ifadə verib. O, övladını müalicə məqsədilə Bakıya gətirdiyini və Aynur Bayramovanın ondan qan nümunəsi almaq və Türkiyədə ilik tapmaq üçün 300 dollar istədiyini bildirib. Mövsümov Aynur Bayramovaya pul verdikdən sonra, bir neçə gün sonra ona zəng edərək, uşağın əməliyyatının 83 min dollar olduğunu deyiblər. Mövsümov bildirib ki, yalnız 10 min dollar toplaya bilib və Aynur Bayramova qalan məbləği müxtəlif təşkilatlar tərəfindən ödənəcəyini vəd edib. Daha sonra Mövsümovu Nuridə Seyidova ilə görüşdürüblər və həmin məbləği ödədikdən sonra Türkiyəyə göndəriblər. Mövsümov Samsunda üç ay qalaraq öz cibindən 8 200 manat xərclədiyini bildirib, lakin nəticədə əməliyyat baş tutmayıb.
Digər zərərçəkən, Gürcüstan vətəndaşı Laura Qasanova Aynur Bayramovanın ona Türkiyədə ilik tapılacağı və əməliyyatın baş tutacağı barədə vəd verərək, 30 min dollar aldığını bildirib. O da Nuridə Seyidova ilə görüşüb və pulu ödədikdən sonra əməliyyat baş tutmayıb.
Zərərçəkən Tural Məsimiyev isə iki azyaşlı övladının talassemiya xəstəsi olduğunu və müalicə üçün 59 min 500 manat ödədiyini deyib. Onun sözlərinə görə, məbləğin bir hissəsi geri qaytarılıb, lakin hələ də 42 min manat borcu qalıb.
Digər zərərçəkən Aysel Abdullayeva da iki qız övladından birinin talassemiya xəstəsi olduğunu və Aynur Bayramova ilə eyni proseslərdən keçdiyini bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin şikayəti əsasında başlanmış cinayət işində Nuridə Seyidova və digərləri, 36 nəfərdən təxminən 1 milyon manat pul alaraq, onların etibarından sui-istifadə etməklə dələduzluq etməkdə təqsirli bilinirlər. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəylər