Keçmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəməsi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Onun atası isə həbsə göndərilməyib. Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, onun həbsi şərti hesab edilib.
Qeyd edək ki, prokuror dünənki çıxışında onların hər ikisinin həbsini tələb etmiş, Rəmiş Cəfərovun 8, Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış, nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.
Yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuri Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur. Bundan başqa, o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib.