Tovuz rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 11 radələrində rayonun Əlimərdanlı kəndi ərazisindəki ailə-fermer təsərrüfatında baş verib. Hadisəni törətməkdə şübhəli bilinən Ülvi İsayev Vətən müharibəsi iştirakçısı olub və müharibədə psixoloji sarsıntı keçiribmiş. O, bununla əlaqədar bir neçə dəfə müalicə də alıbmış.
Məlumata görə, ailə təsərrüfatını Ülvi İsayev, atası Azər və bibisi Məhəbbət idarə edirmiş. Onlar elə özləri də fermer təsərrüfatındakı evlərində yaşayırlarmış. Bu gün günorta saatlarında Azər İsayev bacısı Məhəbbətlə təsərrüfatla bağlı danışarkən Ülvi İsayev onlara yaxınlaşıb və əlindəki odun parçası ilə Məhəbbət İsayevanın başının arxa nahiyəsindən zərbə endirib. Məhəbbət İsayeva aldığı xəsarətdən elə hadisə yerində ölüb.
Qadının öldüyünü görən Azər İsayev bu barədə özü rayon polis şöbəsinə məlumat verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarını hadisə yerinə dəvət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ü.İsayev saxlanılıb.
Avqustun 6-da Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az bununla bağlı Tovuz Rayon Prokurorluğuna istinadən xəbər verir.
İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Tovuz rayonunda qətl hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində fermada baş verib.
Məlumata görə, rayon sakini Məhəbbət İsa qızı İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Araşdırmalarla qətlin qadının qardaşı oğlu Ülvi Azər oğlu İsayev tərəfindən törədildiyinə şübhələr yaranıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ü.İsayev saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.