Türkiyənin "10 kardeşlər" cinayətkar dəstəsinin başçısı Mekin Büyükdeniz öldürülüb.
Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, oktyabrın 16-da Büyükdeniz İspaniyanın Salau şəhərinin mərkəzi meydanında silahlı hücuma məruz qalıb. Naməlum şəxslər ona silahdan 10 dəfə atəş açıblar. Güllələr M.Büyükdenizin ayağına dəyib.
Büyükdeniz yaralı halda şəhər xəstəxanasına yerləşdirilib. O, hadisə ilə bağlı ifadə verməkdən imtina edib.
Ötən gün isə Büyükdenizə xəstəxanada silahlı hücum olub. Maskalı şəxs ona arvadının gözləri önündə üç dəfə atəş açıb. Güllələr onun baş və bədən nahiyələrinə dəyib. O, hadisə yerində ölüb.
Cinayətkar qətldən sonra qaçmağa nail olub. İspaniya polisi faktla bağlı araşdırmalara başlayıb.
İlkin ehtimallara görə, hadisə iki cinayətkar dəstə arasında ədavət səbəbindən baş verib.