Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz ş. sakini İsmayıl Cəbrayılovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il iyulun 23-də saat 22 radələrində Xaçmaz şəhər sakinləri Eyvaz Cəbrayılov (1975-ci il təv.), Emil İsayev (1992-ci il təv.) və Elşən Əhmədovun (1991-ci il təv.) bıçaq xəsarətləri ilə Mərkəzi rayon Xəstəxanasına çatdırılmaları və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə Xaçmaz RPŞ-na daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, həmçinin müvafiq maddi sübutlar götürülüb.
Ayın 25-də RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Bakıda, Biləcəri qəsəbəsində kirayə yaşadığı evin yanında kafedə saxlanılıb və istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, Cəbrayılov 2009-cu ildə CM-nin Xaçmaz rayon məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İstintaqla müəyyən edilib ki, İsmayıl Cəbrayılov saat 22 radələrində yaşadığı Şəfəq küçəsi, 15 ünvanından çıxıb, “Mercedes” markalı avtomaşını satın almaq məqsədi ilə Mürşüd-oba kəndində yaşayan Taleh Hüseynovun yanına qayıtmaq istəyib.
Qeyd edək ki, bundan əvvəl o Talehdən həmin avtomobili idarə etməklə yaşadığı evin qarşısına gəlib ki, onu atası Rasimə və qardaşı Coşquna göstərsin və onlardan bir məsləhət alsın. Evlərindən həyətlərinə çıxdıqda isə bağlarına bitişik olan və mərhum əmisi Zeydullanın bağında, digər əmisi Eyvazın kimlərəsə bərkdən nalayiq sözlər işlətməklə səs-küy saldığını eşidib və əsəbiləşib. Çünki evlərində anası, bacıları, gəlinləri ola-ola həmin adamların bağda belə hərəkətlər etməsi Cəbrayıla pis təsir edib.
O, əmisinin kimlərləsə bağda əxlaqsızlıqla məşğul olduğunu düşünərək, avtomobilin sükanı arxasında oturub. Ondan başqa maşında qohumu Qərib Cəbrayılov, tanışları Baloğlan Cəfərov və Cahandar Qarayev olublar. Cəbrayıl avtomobili sürətlə küçə ilə bir qədər yuxarı idarə edərək sağa döndərib və maşını Şəfəq küçəsi ilə Cahangir küçəsi arasındakı ara yola salıb. O, maşında olanlara onu gözləmələrini deyib, əlindəki alışqanın işığını yandırıb həmin yerə qayıdıb.
Bağın çəpərindən ilk olaraq Eyvaz Cəbrayılov çıxıb, o əmisindən niyə evlərinin yanında bağda belə hərəkətlərə yol verdiyini soruşduqda, sonuncu isə söyüşlə cavab verib. Bundan qəzəblənən Cəbrayılov üzərindəki bıçaqla Eyvaza 3 zərbə vurub. Səs-küyə bağdan, qonşu küçələrdən birində yaşayan Elşən Əhmədov və Emil İsayev çıxıblar, onları görən İsmayılov hər birinin döş qəfəsinə bir zərbə endirib, sonra isə hadisə yerindən uzaqlaşıb və Bakıya gəlib. Ayın 25-də kafelərin birində oturub çay içərkən polis əməkdaşları tərəfindən tutulub, kirayə yaşadığı evdəki tapança formasında alışqanı və hadisə vaxtı əynində olan köynəyi əməliyyatçılara təqdim edib, bıçağı isə yolda harasa atdığını bildirib.
Məhkəmə prosesində İsmayıl Cəbrayılov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, əmiləri Zeydulla və Eyvaz 2012-ci ildə xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb olunublar və məhkəmənin hökmü ilə Eyvaz azadlıqdan məhrum edilib. İki ildən sonra Zeydulla xəstəlikdən vəfat etdikdən sonra, Eyvaz azadlığa buraxılaraq əvvəl yaşadığı evə qayıdıb. Həmin aylarda Eyvazın hansısa oğlanlara zəng vurub görüşməyi, yəni intim əlaqədə olmağı təklif etdiyini eşidib.
Özündən bu barədə soruşduqda, sonuncu bunu inkar edərək “mavi” olduğunu boynuna almaq istəməsə də, İsmayıl Eyvazdan küsüb və onu danışdırmayıb. Həmin gecə bağdan söyüşlər eşidəndən sonra əlindəki alışqanın işığını yandırıb, ara yola qayıdıb və Eyvazgilə bağdan çıxmalarını deyib. Əmisindən niyə söyüş söyüb evdə olan ailə üzvlərini narahat etdiyini soruşduqda, Eyvaz ona söyüşlə cavab verib.
İsmayıl ilk olaraq Eyvazın qarın və döş qəfəsinə zərbələr endirib, o aşağı əyildikdə bir dəfə də bıçaqla belindən zərbə endirib ki, ölsün. Elşənlə Emil bağdan çıxıb, onun üstünə hücum etdikdə İsmayıl onlara da zərbələr vurub.
İsmayıl Cəbrayılov bildirib ki, əmisi Eyvaz kimi əxlaqsız adamları yalnız öldürməklə hərəkətlərinə son qoymaq olar, çünki belə insanlar cəmiyyət üçün virus və mikrobdurlar. Onu Eyvaz Cəbrayılovu və yanında olan şəxsləri bıçaqlamağa onu təhrik edən adam olmayıb. Cəbrayılov törətdiyi cinayət əməlindən peşman olmadığını qeyd edib, çünki qohum-əqrəbasının namusunu təmizləyib.
Zərərçəkən Eyvaz Cəbrayılov həmin axşam bağda qonşuluqda yaşayan Emil və Elşənlə yeyib-içiblər, ucadan danışaraq, aralarında zarafat ediblər. Ara yoldan qardaşı Rasimin oğlu İsmayıl onu çağırmağa başlayıb. Gecə olduğundan ətraf qaranlıq olub, o uşaqlardan aralanıb, setka çəpərdən küçəyə çıxıb və İsmayıldan nə baş verdiyini soruşub, qohumu heç nə demədən bıçağı onun qarnına soxub çıxardıb. Eyvaz aşağı əyildikdə isə döş qəfəsindən və arxa tərəfindən də əlavə zərbələr endirib. Eyvaz Cəbrayılov Əhmədov və İsayevlə heç bir pis münasibəti, o cümlədən intim əlaqəsi olmadığını qeyd edib.
Zərərçəkən Emil İsayev bildirib ki, bir neçə il əvvəl ayrı-ayrı şəxslərdən eşidib ki, Eyvaz Cəbrayılov “mavi”dir, ona görə də hərdən küçədə olarkən məzələnərək ona söz atıblar, lakin özü heç vaxt onunla cinsi əlaqədə olmayıb. İsayev da təsdiq edib ki, həmin gecə onlar bağda yeyib-içiblər.
Prosesin sonunda çıxış edən dövlət ittihamçısı İsmayıl Cəbrayılovun 20 il müddətinə cəzalandırılmasını istəyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az