Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs olmayan qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.
Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Onu da qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış Fəyyaz Xankişiyevin oğludur.
Elgün Həsənli