Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Səfər Teymurovun (1991-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il avqustun 13-də Xaçmaz rayonun Qaraqurtlu kəndində naməlum şəxs tərəfindən kənd sakini Məzahir Əliməmmədov (1978-ci il təv.) bıçaqlanıb, çoxsaylı kəsici-deşici xəsarətlərlə xəstəxanaya çatdırılan zərərçəkən intensiv qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri istintaq-əməliyyat qrupu tərəfindən müayinə olunub, aparılan araşdırma nəticəsində qətlin Çığatay kənd sakini Səfər Teymurov tərəfindən törədilməsi məlum olub, o səhər saat 5 radələrində dayısının evində saxlanılıb və RPŞ-nə gətirilib. Dindirmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
İstintaqla müəyyən olunub ki, Səfər Teymurov idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla taksi fəaliyyəti göstərib ondan 13 yaş böyük olan tanışı Məzahir Əliməmmədovun ödədiyi pul müqabilində qızı və oğlunu yaşadıqları evlərindən oxuduqları orta məktəbə, həyat yoldaşını isə işlədiyi broyler toyuq sexinə və digər yerlərə aparıb.
Məzahir Əliməmmədov 2014-cü ilin iyul ayından başlayaraq onunla Leyla Əliməmmədova arasında yaxın münasibət yaranmasından şübhələnərək avqustun 1 və 2-də arvadını bir daha avtomaşınına mindirməməyi təkidlə tapşırmasına baxmayaraq, Səfər Teymurov qadınla mütəmadi olaraq telefonla danışıb, görüşməklə münasibətlərini davam etdirib və sonuncuya Rusiyaya gedərək orada yaşamağı təklif edib. Avqustun 12-də gün ərzində Teymurov rayonun Qaraçı kəndində olan toyda iştirak edərək spirtli içki qəbul edəndən sonra, əsəbiləşib Məzahirin Leyla ilə münasibətlərinə mane olduğu qənaətinə gəlib və buna görə tanışını öldürəcəyini qərarlaşdırıb.
O, avtomobilində saxladığı özünə məxsus mətbəx bıçağını götürərək axşam saat 22 radələrində Məzahirə zəng vurub, ona axşam evinə söhbət etməyə gələcəyini deyib. Saat 24 radələrində o Məzahirin yaşadığı evin həyətinə gəlib və bağda gizlənib, təxminən 20 dəqiqədən sonra Məzahir arvadı və uşaqları ilə gəldikdən sonra, Leyla ilə uşaqlar evə daxil olublar. Səfər həyətdə tək dayanan Məzahirə hücum edərək əlindəki bıçaqla döş qəfəsinin ön səthinə zərbələr endirməyə başlayıb. Zərbələrdən yerə yıxılan Əliməmmədov qışqırmağa başlayıb və adamları köməyə çağırıb.
Evin ikinci mərtəbəsindəki pəncərəni açan Leyla uşaqlarla birlikdə həyətə baxdıqda ağlayaraq Səfərdən Məzahiri vurmamağı xahiş etdikdə, Teymurov onların yalvarışlarına baxmayaraq, müstəsna qəddarlıq nümayiş etdirib Əliməmmədova ümumilikdə 19 zərbə endirib və onu qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. Sonra bağdan keçməklə ordan qaçan Səfər əlindəki bıçağı xatırlamadığı yerdə tullayıb. Oradan birbaşa dayısının evinə gəlib, qolundan qan axdığını gördükdə ailə üzvləri nə baş verdiyini soruşublar, o isə Məzahiri bıçaqla vurduğunu bildirib.
Məhkəmə prosesində Səfər Teymurov ittiham üzrə özünü təqsirli bilməyərək, Məzahir Əliməmmədovu təxminən 4-5 il əvvəl Xaçmaz şəhərində yerləşən un dəyirmanında birlikdə fəhlə işlədikləri vaxtdan tanıdığını göstərib. Oradan çıxdıqdan sonra aralarında yaranan dostluq münasibətləri davam edib. Təqsirləndirilən şəxs bildirib ki, Məzahirin ölməsini arzulamayıb, o törətdiyi əməldən peşman olmasını deyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasının ilk bir ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az