Ötən gün Xaçmazda qanlı cinayət baş verib.
Oxu.Az xəbər verir ki, Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun ANS PRESS-ə verdiyi məlumata görə, dünən saat 16:00-da Yeni Sudur kəndi ərazisində iki nəfərin davası bıçaqlanma ilə nəticələnib.
Belə ki, şəxsi münasibətlər zəminində 22 yaşlı Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. Teyyub Romana 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri gəncin ürəyinə dəyib.
Ağır yaralanan Roman Əliosmanov xəstəxanaya yerləşdirilib. Onu dərhal əməliyyat ediblər. Hazırda vəziyyəti orta-ağırdır.
Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb. O, əməlindən peşman olmadığını bildirib.
“Peşmanam ki, onu öldürə bilmədim. Hamı onu da yaxşı tanıyır, məni də. Vurulmalı oğlan idi. Hər kim mənim yerimdə olsa belə edərdi”, - deyə Teyyub Ağakərimov bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.