Saxta sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət alınmasına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Oxu.Az AzNews-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə “Şəhid ailəsi” statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4,435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.